Elektroensefaloqrafiya və ya EEQ — baş
beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə
olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı
olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək
həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha
çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEQ bəzi
hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında
istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir.
EEQ üsulu özündə 3 ardıcıl mərhələni əks etdirir:
1.Potensiallar bölməsi(aparması).
(Rezin şlem vasitəsilə baş nahiyəsinə kiçik elektrodlar bərkidilir. Elektrodlar
ötürücülər vasitəsilə elektroensefaloqrafa birləşdirilir)
2.Bu potensialların güclənməsi.
( Elektroensefaloqraf onlardan alınmış siqnalları gücləndirir)
3.Onların qrafik qeydiyyatı.
(Elektroensefaloqraf göstəriciləri kompüterə daxil edir).
Müayinə vaxtı xəstə gözləri qapalı vəziyyətdə oturur.
EEQ müayinəsinin nəticəsi aşağıda göstərilən suallara cavab verə bilər:
- epileptik fəaliyyətin olması
- epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması
- sindromun dəqiqləşdirilməsi
- növbəti müayinə üsulunun seçilməsi
- müalicənin taktikası
- proqnoz